Pinqvinlər antarktida qarının əriməsini sürətləndirir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Antarktidada pinqvinlərin ifrazatlarının qar örtüyünün əriməsini sürətləndirdiyi müəyyən edilib. ABŞ Geofizika İttifaqının (AGU) yayımladığı elmi məlumatda qeyd olunur ki, pinqvinlərin ifrazatı, qar üzərində yaşayan mikroskopik yosunların inkişafına müsbət təsir edir. Bu isə nəticədə qarın rənginin dəyişməsinə və günəş enerjisinin daha çox udulmasına səbəb olur.
Alimlərin apardığı araşdırmaya əsasən, pinqvinlər dənizdə balıq və krilllə qidalandıqdan sonra torpağa ifraz etdikləri maddələr vasitəsilə qar örtüyünə faydalı qida elementləri, xüsusən fosfatlar ötürürlər. Bu maddələr, mikroskopik yosunlar üçün təbii gübrə rolunu oynayaraq onların sürətlə çoxalmasına şərait yaradır.
Araşdırma nəticəsində, Antarktidanın bəzi ərazilərində ağ qarın yaşıl rəngə çevrildiyi aşkar edilmişdir. Alimlər bildirir ki, yaşıl yosunlarla örtülmüş qar, təmiz ağ qarla müqayisədə günəş enerjisinin təxminən 40 faiz daha çox hissəsini udur. Eyni zamanda, qırmızı yosunlarla örtülmüş qar da 20 faiz daha çox günəş enerjisi qəbul edir.
Mütəxəssislər əlavə edirlər ki, qarın səthində yaranan tünd rəngli yosunlar, günəş şüalarını daha çox udduqları üçün həmin ərazilərdə isinmə və ərimə prosesi sürətlənir. Tədqiqat, Qərbi Antarktika yarımadasının sahilboyu ərazilərində aparılıb. Alimlər, pinqvin koloniyalarının yaxınlığında və uzağında yerləşən ərazilərdən qar nümunələri götürərək onların tərkibini araşdırıblar.
Bu tədqiqatın nəticələri “Journal of Geophysical Research: Biogeosciences” elmi jurnalında dərc olunub və alimlər, Antarktidada qarın əriməsinə canlı orqanizmlərin təsirinin hələ tam qiymətləndirilmədiyini vurğulayırlar. Pinqvinlərin ifrazatının qarın əriməsinə nə qədər təsir göstərdiyini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatların aparılması zəruridır.