Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı - Foto

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun oğlu Rza Talıbovun Dubayın lüks yaşayış kompleksi “Emerald Hills”dəki villası məlum olub. Jurnalist Cavanşir Həsənlinin sosial media hesabında paylaşdığı məlumatlara görə, bu villa ümumi sahəsi 3.386 kv.m olan iki torpaq sahəsinin birləşdirilməsilə inşa edilib.
Məlumata görə, Rza Talıbov “Emerald Hills-P-156” və “Emerald Hills-P-157” adlı torpaq sahələrini satın alaraq burada dəbdəbəli villa tikdirmişdir. Bu villa, 18 dəlikli Dubay Hills Golf Club-a, eləcə də lüks villalara və Bürc Xəlifə ilə “Downtown Dubay” göydələnlərinə gözəl mənzərə açır.
Dubayın əmlak bazarının tədqiqatları göstərir ki, 3.400 m² sahəyə malik boş torpağın dəyəri 99-123 milyon dirhəm (27-33,5 milyon dollar) arasındadır. Villanın tikiləcəyi halda isə qiymət 180-270 milyon dirhəm (49-73,5 milyon dollar) civarında ola bilər.
Hesablamalara görə, Rza Talıbovun tikdirdiyi villanın dəyəri təxminən 73 milyon dollar qiymətləndirilir. Ayrıca, Rza Talıbov hələ də Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirir.