Ezonn Xəbər

60-70-ci illərdə doğulanlar sonuncu xoşbəxt nəsil olub

60-70-ci illərdə doğulanlar sonuncu xoşbəxt nəsil olub
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Psixoloq Piter Qreyin yeni araşdırması, 1960-1970-ci illərdə doğulan insanların uşaqlıqlarının həm daha sərbəst, həm də daha xoşbəxt keçdiyini ortaya qoymuşdur. Belə ki, bu dövrdə insanlara daha çox şəxsi azadlıq və müstəqillik tanınmış, rəqəmsal texnologiyaların olmaması isə onların emosional cəhətdən daha dözümlü bir şəkildə yetişmələrinə şərait yaratmışdır. Araşdırmalara görə, həmin nəsilin uşaqları öz vaxtlarının əksər hissəsini böyüklərin nəzarəti olmadan keçiriblər. Onlar küçələrdə sərbəst oynayıb ətrafdakı dünyanı kəşf edirdilər, həmçinin yaşıdları ilə ünsiyyət quraraq, qarşılaşdıqları çətinlikləri özləri həll etməyə çalışırdılar. Bu təcrübələr, onların müstəqillik və özünəinam xüsusiyyətlərinin formalaşmasında əlverişli bir rol oynamışdır. Rəqəmsal əyləncə və daim stimulus verən mühitin olmadığı bir dövrdə uşaqlar, özlərini əyləndirmək üçün oyunlar uydurur, müxtəlif sığınacaqlar yaradır və hekayələr fikirləşirdilər. Bu, onların yaradıcılıq qabiliyyətini artıraraq, səbirli olmalarına kömək edirdi. O cümlədən, həmin dövrdə uşaqların ev işlərinə kömək etməsi, kiçik bacı-qardaşlarına baxması və valideynlərin tapşırıqlarını yerinə yetirməsi adi məqamlar olub. Bu məsuliyyətlər, onların gənc yaşda gündəlik həyata daha sürətli uyğunlaşmalarına şərait yaradırdı. Uşaqlar arasındakı mübahisələr isə, çox vaxt böyüklərin müdaxiləsi olmadan həll edilirdi, bu da onlara razılığa gəlməyi və birgə yaşamağı öyrədirdi. Ancaq, psixoloqlar qeyd edirlər ki, 1960-1970-ci illərdə doğulanların uşaqlığı tamamilə problemsiz keçməyib. Bu nəsil, yoxsulluq, ailədaxili çətinliklər və digər sosial problemlərlə də üzləşmişdir. İllər keçdikcə insanlar, uşaqlıqlarını daha xoşbəxt xatırlamağa meyilli ola bilərlər.