Ezonn Xəbər

212 veqan məhsulunun hamısında göbələk toksinləri aşkarlanıb

212 veqan məhsulunun hamısında göbələk toksinləri aşkarlanıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Britaniyada keçirilən elmi araşdırma nəticəsində 212 bitki mənşəli qida məhsulunun hamısında göbələk toksinləri aşkarlanıb. Tədqiqatın əhatə etdiyi məhsullar arasında veqan burgerlər, bitki mənşəli kolbasalar, vegetarian toyuq əti əvəzediciləri, eləcə də yulaf, badam və soya südləri də yer alıb. Alimlər araşdırma zamanı məhsullarda mikotoksin adlanan zəhərli maddələrin 19 fərqli növünü incələyiblər. Hər bir nümunədə ən azı bir mikotoksinin olduğu müəyyən edilib. Bəzi məhsullarda isə bir neçə toksinin eyni vaxtda aşkarlanması da müşahidə olunub. Mikotoksinlər müəyyən göbələk növləri, o cümlədən kiflərin istehsal etdiyi zəhərli birləşmələrdir. Bu zəhərlərin qidaya keçməsi, adətən, taxıl, paxlalı bitkilər və toxumların əkilməsi, yığılması və saxlanması dövrlərində baş verir. Tədqiqatın nəticələri göstərir ki, bitki mənşəli ət əvəzedicilərində toksinlərin miqdarı bitki südləri ilə müqayisədə daha yüksəkdir. Lakin araşdırma zamanı aşkarlanan mikotoksinlərin konsentrasiyası Avropa İttifaqının tövsiyə olunan göstəricilərini aşmır. Alimlər, bu nəticələrin veqan qidaların təhlükəli olduğunu sübut etmədiyini vurğulayır. Bununla yanaşı, mütəxəssislər mikotoksinlərin uzun müddət istifadəsinin sağlamlığa potensial mənfi təsirlərini də qeyd ediblər. Tədqiqat Parma Universitetinin alimləri tərəfindən həyata keçirilib və Böyük Britaniyanın Krenfild Universitetinin mütəxəssisləri də bu tədqiqatda iştirak edib. Nəticələr “Food Control” elmi jurnalında dərc olunub. Araşdırma çərçivəsində alimlər bitki mənşəli məhsulların istehsalında daha ciddi yoxlamaların aparılmasının vacibliyini vurğulayıblar.