Ezonn Xəbər

Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib

Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirilib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 22-də Bakı və Naxçıvan şəhərlərində xarici dillər üzrə fəlsəfə doktoru imtahanını həyata keçirib. İmtahanda doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş çoxsaylı iddiaçılar iştirak ediblər. İmtahan, elektron formada, kompüter vasitəsilə keçirilmişdir. İmtahanın həyata keçirilməsi üçün 2 bina, 3 zal inzibatçısı, 2 ümumi imtahan rəhbəri, 17 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı təyin edilib. İmtahan, dinləyib-anlama, oxuyub-anlama, leksik-qrammatik tapşırıqlar və yazı bloklarından ibarət olub. Danışıqlar bloku noyabrın 26-da təşkil ediləcəkdir. Noyabrın 22-də imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmayacaq. Həmçinin, danışıq blokunda iştirak etməyən şəxslər, ilk dörd blokdan 30 və daha yüksək bal toplasalar belə, şəhadətnamə almayacaqlar. İmtahanın maksimal nəticəsi 50 baldır. Xarici dil üzrə fəlsəfə doktoru imtahanından 30 bal toplayan və hər blok üzrə imkan olan minimum 20 faiz nəticə göstərən iddiaçılar tələb olunan nəticəni almış sayılacaq. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə imtahanda keçid balı 25-dir. Yekun nəticələr danışıq bloku üzrə imtahanın keçirilməsindən iki həftə sonra açıqlanacaqdır.