DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyədə sosial şəbəkələrdə yayılan "Malatya ayağa qalxdı" başlıqlı paylaşımlarının həqiqəti əks etdirmədiyi bildirilib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bu barədə açıqlama verib.
DMM-nin “X” hesabında verilən məlumata görə, Malatyada hazırda belə bir hadisənin baş vermədiyi və yayımlanan görüntülərin əvvəlki dövrə aid olduğu qeyd edilib. Bu görüntülərin ictimaiyyəti çaşdırmaq məqsədilə kontekstdən çıxarılaraq yenidən paylaşılması müəyyən edilib.
Açıqlamada, "İctimai asayişi pozmağa yönəlmiş bu əsassız iddiaları hazırlayan və yayan şəxslər barəsində zəruri hüquqi tədbirlərə başlanılıb" ifadəsi yer alıb. Beləliklə, DMM bu cür dezinformasiyanın yayılmasına qarşı mübarizə aparmaq niyyətində olduğunu vurğulayıb.
Mərkəz, vətəndaşları ictimai sabitliyi hədəf alan dezinformasiya xarakterli paylaşımlara inanmamağa çağırıb. Qeyd edək ki, sözügedən görüntülər ötən gün sosial şəbəkələrin Türkiyə seqmentində geniş müzakirələrə səbəb olmuşdu və Malatyada hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi iddia edilirdi.