Ezonn Xəbər

Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər — Kral ailəsində qalmaqal

Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər — Kral ailəsində qalmaqal
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Böyük Britaniya taxtının varisi şahzadə Uilyamın kral olduqdan sonra qardaşı Harriyə şahzadə titulunu verməmək planları olduğu bildirilib. Bu məlumat, yazıçı Tom Sayksın “Dukes Of Hazard” adlı yeni kitabında yer alıb. Kitabdan parçalar, “Daily Mail” nəşri tərəfindən dərc edilib. Müəllifin iddialarına əsasən, Uilyam artıq kral ailəsində genişmiqyaslı islahatlar aparmaq niyyətindədir. Beləliklə, dəyişikliklərin əsas məqsədi kral titullarının doğuşdan verilən imtiyazlar olmaması, yalnız rəsmi vəzifələri yerinə yetirən ailə üzvlərinə məxsus olmasıdır. Planlar çərçivəsində, şahzadə Harri, həyat yoldaşı Meqan Markl və onların övladları Arçi ilə Lilibet titulsuz qalan şəxslər sırasına daxil ediləcəyi qeyd edilir. Bunun nəticəsində, onlar “Əlahəzrət” müraciət formasından da məhrum olacaqlar. Kitabda Uilyamın dostlarından biri, kral ailəsinin fəal üzvü olanların rəsmi fəaliyyətlərdə iştirak edərək veriləcək titul, maaş və yaşayış yeri hüquqları olacağını vurğulayıb. Rəsmi vəzifəsi olmayan ailə üzvləri isə, titul, dövlət subsidiyalı mənzil və digər imtiyazlardan məhrum olacaqlar və sərbəst işləyə biləcəklər. Uilyam və Keyt Middltonun övladlarına da bu dəyişikliklərin təsir edəcəyi qeyd edilir. Şarlotta və Lui yetkinlik yaşına çatdıqdan sonra titul imtinası ilə müstəqil karyera qura biləcəklər. Ancaq taxtın gələcək varisi Corcun statusu dəyişməz qalacaq. Kral fərmanları ilə bu dəyişiklikləri həyata keçirmək mümkün olacaq. Kensinqton Sarayı isə bu iddiaları şərh etməkdən imtina edib, “Formalaşmış təcrübəyə uyğun olaraq, kitabları və onlarda irəli sürülən iddiaları şərh etmirik” deyə, nümayəndə bildirib.