Taxta çıxanda qardaşını tituldan məhrum edə bilər - Kral ailəsində qalmaqal

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Böyük Britaniya taxtının varisi olan şahzadə Uilyam, kral olduqdan sonra qardaşı Harriyə şahzadə titulunu verməmək niyyətindədir. Bu haqda yazıçı Tom Sayksın “Dukes Of Hazard” adlı kitabında məlumat verilir. Kitabdan parçalar “Daily Mail” nəşrində dərc olunub.
Yazara görə, Uilyam artıq kral ailəsində genişmiqyaslı islahatlar həyata keçirmək üçün hazırlıqlara başlayıb. Planın əsas məqsədi, kral titullarının doğuşdan verilən imtiyazlar deyil, yalnız rəsmi vəzifələrini yerinə yetirən ailə üzvlərinə verilən status olmasını təmin etməkdir. Beləliklə, yalnız monarxiya adına rəsmi fəaliyyət göstərən şəxslərin titulları qorunacaq.
Bildirilib ki, bu dəyişikliklər şahzadə Harri, onun həyat yoldaşı Meqan Markl və övladları Arçi ilə Lilibetə də şamil ediləcək. Onların kral titullarından və “Əlahəzrət” müraciət formasından məhrum olacağı iddia olunur. Tom Sayksın kitabında, Uilyamın dostlarından birinin sözlərinə görə, rəsmi fəaliyyət göstərməyən ailə üzvləri, titullarını itirərək adi vətəndaş kimi sərbəst işləyə biləcəklər.
Eyni zamanda, Uilyamın və Keyt Middltonun övladlarının da bu islahatlardan təsirlənəcəyi gözlənilir. Şarlotta və Lui yetkinlik yaşına çatdıqdan sonra müstəqil karyera qurmaq üçün titullarından imtina edə biləcəklər. Lakin taxtın gələcək varisi Corcun statusunun dəyişməz qalacağı bildirilir. Nəşrin yazdığına görə, Uilyamın bu dəyişiklikləri həyata keçirməsi üçün sadəcə kral fərmanları verməsi kifayət edəcək.
Kensinqton Sarayı isə kitabda irəli sürülən iddialara münasibət bildirməkdən imtina edib, yalnız “formalaşmış təcrübəyə uyğun olaraq, kitabları şərh etmirik” açıqlamasını edib.