Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq villası üzə çıxdı - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Naxçıvanın keçmiş “xan”ı Vasif Talıbovun oğulları Rza və Seymurun Dubaydakı mülkləri ictimaiyyət üçün artıq sirr deyil. Lakin “Dubay Hills”dəki villa hamının diqqətini çəkib. Jurnalist Cavanşir Həsənli sosial media hesabında Rza Talıbovun mülkü ilə bağlı məlumatları paylaşaraq bu gerçəyi gündəmə gətirib.
Həsənlinin sözlərinə görə, Rza Talıbov, eyni zamanda, Dubayın lüks yaşayış kompleksi “Emerald Hills”in sahibi kimi rəsmi reyestrdə qeyd olunub. Onun adı Dubaydan dərc olunan mülkiyyətçi siyahılarında yer alır. Bura daxil olan torpaq sahələri, “Emerald Hills-P-156” və “Emerald Hills-P-157” adları altında tanınır.
Rza Talıbov bu ərazilərdə 3.386 kv.m sahəyə malik iki torpaq sahəsini alaraq birləşdirib və burada dəbdəbəli bir villa inşa edib. Zəngin mənzərə açan bu villa 18 dəlikli qolf meydançasına, dəbdəbəli villalara və üfüqdəki Bürc Xəlifə ilə “Downtown Dubay” göydələnlərinə baxır.
Dubayın əmlak bazarı araşdırmasına əsasən, 3.400 m² ölçüsündə torpaq sahəsinin dəyəri təxminən 99 – 123 milyon dirhəm, hazır malikanənin qiyməti isə 180–270 milyon dirhəm arasında dəyişir. Bu meyarlara əsasən, Rza Talıbovun villası 49–73,5 milyon dollar arasında qiymətləndirilir.
Həmçinin, məlumatlara görə, Rza Talıbov hələ də Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş idarəsinin rəisi vəzifəsində çalışır.