Ezonn Xəbər

İran ABŞ-ni dənizdən vuracaq: FTB XƏBƏRDARLIQ ETDİ

İran ABŞ-ni dənizdən vuracaq: FTB XƏBƏRDARLIQ ETDİ
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İranın ABŞ ərazisinə dənizdən pilotsuz uçuş aparatları (PUA) ilə hücum edə biləcəyi ehtimalı gündəmə gəlib. ABŞ Federal Təhqiqat Bürosu (FTB) tərəfindən yayımlanan güvenlik xəbərdarlığına əsasən, Tehran Kaliforniya sahilləri yaxınlığında naməlum gəmidən istifadə edərək bu hücumu təşkil edə bilər. FTB-nin təhlükəsizlik qurumlarına göndərdiyi bülletendə bildirilib ki, İran ABŞ və İsrailin hücumlarına cavab olaraq Amerika ərazisində gözlənilməz bir zərbə endirmək planı üzərində işləyir. Lakin, PUA-ları özündə saxlayan gəminin ABŞ sahillərinə hansı marşrutla yaxınlaşacağına dair konkret məlumat verilməyib. Hücum ehtimalı ilə bağlı Amerikanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələrindən biri, 12 günlük bombardmandan sonra İranın belə bir hücum həyata keçirmək imkanlarının əhəmiyyətli dərəcədə zəifləndiyini bildirib. Buna baxmayaraq, təhlükəsizlik qurumları mümkün hücum ehtimalına qarşı hazırlıqlarını davam etdirirlər. ABŞ Prezidenti Donald Tramp da martın 11-də FTB-nin xəbərdarlığına reaksiya verərək, məsələnin araşdırıldığını və baş verən hadisələrə uyğun tədbirlərin görüldüyünü açıqlayıb. Xəbərdarlıqdan sonra Kaliforniyada təhlükəsizlik tədbirləri gücləndirilib. Ştat qubernatoru Qevin Nyusomun ofisi, fövqəladə hallar üzrə qurumların federal və yerli təhlükəsizlik strukturları ilə koordinasiyalı fəaliyyət göstərdiyini bildirib. Eyni zamanda, Los-Anceles Şerif Departamenti də ibadət yerləri, mədəniyyət mərkəzləri və digər mühüm obyektlərin ətrafında patrul xidmətinin gücləndirildiyini açıqlayıb. Lakin, hücumun dəqiq tarixinin və yerinin hələlik təsdiqlənmədiyi qeyd edilir.