Rusiyanın Ukraynaya hava zərbəsi nəticəsində iki nəfər ölüb: Xəsarət alanlar var

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya hərbi aviasiyasının Ukraynanın Kiyev vilayətinə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb. Dağıntılar altında qalan şəxslərin meyitləri tapılıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Zərbə nəticəsində 18 yaşlı gənc də daxil olmaqla, iki nəfər həyatını itirib, aralarında bir uşaq olmaqla daha dörd nəfər yaralanıb. Hazırda xilasedicilər dağıntılar altında itkin düşən 11 nəfərin axtarışına davam edirlər.
Ukraynanın Dimer şəhərində baş verən hadisə nəticəsində beşmərtəbəli binanın bir bloku qismən dağılıb. Prezident Volodimir Zelenski bu gün səhər axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. O, təxliyə edilən doqquz nəfərin olduğunu qeyd edib, lakin əlaqəyə çıxmayan 14 nəfərin hələ də binanın içində qaldığını vurğulayıb.
Zelenski, bu həftə Rusiya ordusunun Ukraynanın 20-dən çox regionuna hücum etdiyini bildirib. O, Rusiya tərəfinin 2700-ə yaxın dron, 1460-dan çox aviabomba və 165 fərqli raket atdığını dəqiqləşdirib. Rusiya qüvvələrinin artan hücumları ilə əlaqədar olaraq, Ukrayna lideri ABŞ-dan verilmiş "Patriot" sistemləri üçün raketlərin ölkəsinə göndərilməsinə icazə vermək çağırışında bulunub.