Ezonn Xəbər

Şimali Koreya öz süni intellektini yaradıb

Şimali Koreya öz süni intellektini yaradıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Şimali Koreyada yeni süni intellekt əsaslı çat-bot olan "Müdriklik mənbəyi" (Fountain of Wisdom) təqdim edilib. Bu sistem ictimaiyyətə Koreya və ingilis dillərində təqdim olunaraq, elm və texnologiya sahəsində sualları cavablandırmaqla yanaşı, mətnləri də tərcümə edə bilir. Bu barədə "38 North" analitik mərkəzi məlumat yayıb. Çat-bot oktyabrın 19-dan 30-dək Pxenyanda keçirilən Milli İT Nailiyyətləri Sərgisində nümayiş etdirilib. Onun yaradılması Kim İr Sen adına Universitetin Süni İntellekt Texnologiyaları İnstitutu və yerli “Phurunhanul Trading” şirkəti tərəfindən həyata keçirilib. Sistemin dizaynı ChatGPT-yə bənzəyir. Ekranda sol tərəfdə yazışma tarixçəsi, sağ tərəfdə isə dialoq pəncərəsi yerləşir. Eyni zamanda, sistemdən yalnız elm və texnologiya ilə bağlı sorğular üçün istifadə edilməsinə icazə verildiyinə dair xəbərdarlıq mövcuddur. İctimai-siyasi və “qeyri-etik” mövzularda suallar vermək qadağan edilib. Ekspertlər, sistemin arxasında mövcud Çin və ya ABŞ süni intellekt modellərindən birinin dayanmasını ehtimal edirlər. Bu yenilik, Şimali Koreyanın süni intellekt sahəsində atdığı mühüm bir addımı göstərə bilər.