Ezonn Xəbər

İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb

İtaliyanın xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri başlayıb
Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir. İtaliyanın xarici işlər naziri Antonio Tajaninin Azərbaycana rəsmi səfəri başlayıb. Bu barədə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat verib. Səfər iki gün davam edəcək. Səfər çərçivəsində A.Tajaninin Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov ilə görüşləri planlaşdırılıb. Görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazın sülh və iqtisadi inkişaf perspektivləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə olunacaq. Eyni zamanda, səfərin əsas hissəsi iqtisadi diplomatiyaya həsr ediləcək. İtaliyanın xarici işlər naziri, iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə ikitərəfli görüş keçirəcək. Hər iki nazir Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edəcək. Forumda İtaliya və Azərbaycandan 240-dan çox şirkət və biznes assosiasiyasının nümayəndələrinin iştirak etməsi gözlənilir. Forumun əsas məqsədi isə İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrində iştirakını genişləndirməkdir. Nazirliyin verdiyi məlumata görə, enerji əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin əsas istiqamətlərindən biridir. Azərbaycan İtaliyanın ikinci ən böyük neft və üçüncü ən böyük təbii qaz təchizatçısıdır. Bununla yanaşı, qabaqcıl sənaye, rəqəmsal texnologiyalar, bərpa olunan enerji və kritik xammal sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da nəzərdən keçiriləcək. Qeyd edək ki, A.Tajaninin səfəri, İtaliyanın Baş naziri Corcia Meloninin ötən ilin mayında, Prezident Serco Mattarellanın isə 2025-ci ilin oktyabrında Azərbaycana səfərlərindən sonra baş tutur.