Payızda immuniteti zəiflədən amillər və qorunma yolları

Ezonn TV «Manset.az» mənbəsinə istinadən xəbər verir.
Payızda havaların soyuması, temperaturun tez-tez dəyişməsi və günəşli saatların azalması, soyuqdəymə və qrip kimi xəstəliklərin yayılma riskini artırır. Buna görə, mütəxəssislər orqanizmin müdafiə sistemini qorumaq üçün düzgün qidalanma, yuxu rejiminə riayət etmək və sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edirlər.
Manset.az Yeni Sabah-a istinadən bildirir ki, immuniteti dəstəkləməyin əsas yollarından biri vitamin və minerallarla zəngin qidalar qəbul etməkdir. Portağal, naringi, kivi, nar, alma, kök, balqabaq və göyərti gündəlik qidalanmada yer almalıdır. Eyni zamanda, C və D vitaminləri, eləcə də sinklə zəngin qidaların immun sisteminin normal fəaliyyətində önəmli rolu olduğu vurğulanır.
Səhər saatlarında kifayət qədər su içmək, gecə 7-9 saat yatmaq və fiziki aktivliyi qorumaq da vacibdir. Açıq havada gəzmək, yüngül idmanla məşğul olmaq və stressdən uzaq durmağın orqanizmin sağlamlığına müsbət təsir etdiyi qeyd edilir.
Payız ayında infeksiyalardan qorunmaq üçün şəxsi gigiyenaya diqqət yetirmək, əllərin müntəzəm yuyulması və qapalı məkanların tez-tez havalandırılması da lazımdır. Həmçinin, qripə qarşı peyvənd olunmağın xəstəliyin ağırlaşma riskini azaltma üzrə effektiv bir yol olduğu bildirilib.
Bununla yanaşı, immuniteti gücləndirmək məqsədilə vitamin və dərman preparatlarını özbaşına qəbul etməmək lazımdır. Vitamin çatışmazlığı müəyyən edilmədən yüksək dozalı əlavələrdən istifadə sağlamlığa zərər verə bilər. Mütəxəssislər orqanizmin müdafiə sisteminin qorunması üçün sağlam qidalanma, keyfiyyətli yuxu və fiziki aktivliyin gündəlik həyatın bir hissəsi olması lazım olduğunu vurğulayırlar.