Xaçmazda ağır yol qəzası: 7 nəfər xəsarət alıb

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Xaçmaz rayonunda iki avtomobilin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Hadisə axşam saatlarında Xaçmaz-Quba avtomobil yolunun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, "QAZ-3110" və "VAZ-21099" markalı avtomobillərin toqquşması baş verib. Qəza zamanı "VAZ-21099" markalı avtomobildə olan sürücü və 6 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanların Xaçmaz rayonunun Əbilyataq kəndindən olduğu və bir ailənin üzvləri olduğu bildirilir. Onlar arasında ata, ana və dörd qız övladı var. Yaralılar dərhal Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.