Ezonn Xəbər

İranda çörək satışına məhdudiyyət qoyuldu

İranda çörək satışına məhdudiyyət qoyuldu
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. İranda çörək satışına qoyulan yeni məhdudiyyətlər əhalinin ciddi narazılığına yol açıb. Ölkənin müxtəlif əyalətlərində subsidiyalı çörək alışına nəzarətin artırılması ilə əlaqədar, müəyyən edilmiş həddi aşan vətəndaşların daha yüksək qiymət ödəməsi nəzərdə tutulub. Məsud Pezeşkian hökumətinin “Çörək alışının idarə edilməsi” proqramı əvvəlcə Mərkəzi əyalətində sınaqdan keçirilib. Daha sonra bu sistem Xuzistan və Zəncan əyalətlərinə tətbiq edilib. Yeni qaydalara əsasən, adambaşına aylıq 8 kiloqram subsidiyalı unun verilməsi planlaşdırılır. İranın rəsmi mediaya əsasən, subsidiyalaşdırılan unun kiloqramı 2300 tümən, həddini aşan alışlar üçün isə 12 650 tümən qiymətləndirilir. Bu, qiymət fərqinin 5,5 dəfə olmasına səbəb olur. Yeni sistemin tətbiqi barədə əhaliyə əvvəlcədən məlumat verilmədiyi üçün bəzi bölgələrdə çörək sexlərinin qarşısında növbələr yaranıb və mübahisələr baş verib. Xuzistanın bəzi bölgələrində adambaşına gündəlik çörək həddinin 2-2,5 ədəd olduğu bildirilib. Zəncan əyalətinin Taxıl və Ticarət Xidmətləri İdarəsinin rəhbəri Əli Eyvazi, çörək alışlarının son iki ilin məlumatlarına əsasən təhlil edildiyini diqqətə çatdırıb. Rəsmi müstəvidə qeyd edilir ki, məhdudiyyətlər adi ailələr üçün deyil, subsidiyalı undan qeyri-adi həcmdə kommersiya məqsədilə alışlara yönəldilib. Prezident Məsud Pezeşkian, 18 noyabr tarixində bəzi şəxslərin aylıq 18 tona qədər subsidiyalı çörək aldıqlarını açıqlayıb. Bu yeni qaydalar, ölkədə ərzaq məhsullarının qiymətlərinin kəskin artdığı bir dövrdə tətbiq olunur. İran Statistika Mərkəzinin məlumatlarına görə, oktyabr ayında çörək və taxıl məhsulları üzrə illik inflyasiya 120 faizi aşmışdır.