Avropada yoxsulluq üzrə lider ölkələr hansılardır?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə Avropa İttifaqı ölkələrində uşaqların yoxsulluq və sosial təcrid risklərinin artdığı məlum olub. Eurochild tərəfindən yayımlanan "Avropada Ehtiyac İçində Olan Uşaqlara dair 2026-cı il Hesabatı"na görə, uşaqların təxminən dörddə biri bu problemin təsiri altında qalır.
Hesabatda bildirilib ki, Avropa Statistika İdarəsinin (Eurostat) 2025-ci il məlumatlarına əsasən, Aİ ölkələrində uşaqların 24,3%-i yoxsulluq və ya sosial təcrid riskindədir. Ən yüksək göstəricilər isə İspaniyada 33,8%, Bolqarıstanda 33,1% və Rumıniyada 32,4% təşkil edir.
Hesabata daxil edilən məlumatlara əsasən, 2024-cü ildə uşaq yoxsulluğunun artdığı 10, azaldığı 15 və dəyişmədiyi 2 ölkə mövcuddur. Ən çox artım Avstriya, Estoniya və İrlandiyada diqqət çəkərkən, Xorvatiya, Malta və Niderlandda isə əhəmiyyətli azalma qeydə alınıb.
Aİ-yə namizəd ölkələrin vəziyyətinin daha da ağır olduğu vurğulanıb. Məsələn, Albaniyada uşaqların 46,6%-i, Ukraynada isə 70%-i əsas mal və xidmətlərə çıxış imkanı olmadığı üçün ciddi vəziyyətlə qarşı-qarşıyadır.
Hesabatda təkvalideynli və çoxuşaqlı ailələr, miqrantlar, qaçqınlar, Roma icması nümayəndələri və əlilliyi olan uşaqların daha ciddi təsir altına düşdüyü qeyd olunub. Eurochild, Aİ-yə gələcək illərdə uşaq yoxsulluğu ilə mübarizə üçün 20 milyard avro ayırmağı tövsiyə edir.