Naxçıvanda BƏƏ şirkəti ilə birgə mis yataqlarının kəşfiyyatı aparılır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikası ərazisində Birləşmiş Ərəb Əmirliklərinin şirkəti ilə yaradılmış birgə müəssisə vasitəsilə mis yataqlarının kəşfiyyatı həyata keçirilir. Bu məlumatı "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakı şəhərində baş tutan Azərbaycan–İtaliya Biznes Forumunda açıqlayıb.
Zakir İbrahimov, Naxçıvandakı layihənin həmçinin Daşkəsən dəmir filizi layihəsi çərçivəsində İtaliyanın “Tenova” şirkəti və “SACE” maliyyə qurumu ilə əməkdaşlığı da əhatə etdiyini bildirib. O, bu əməkdaşlıqda müasir texnologiyaların və beynəlxalq maliyyə alətlərinin istifadəsinin önəmli rol oynadığını vurğulayıb.
İbrahimovun sözlərinə görə, bu əməkdaşlıq İtaliya ilə tərəfdaşlığın real nəticələrini göstərməkdədir: “Azərbaycan italyan şirkətlərinə yalnız yataqlara çıxış deyil, həm də birgə dəyər yarada biləcək əməkdaşlıq imkanları təqdim edir. Bu, emal, texnologiya və istehsal zəncirinin bütün mərhələlərini əhatə edir.”
Eyni zamanda, Zakir İbrahimov italyan tərəfdaşlarını bu istiqamətdə müştərək işlərə dəvət edib. O, qeyd edib ki, bu layihələr ölkənin mədən sənayesinin inkişafına və beynəlxalq əməkdaşlığın güclənməsinə mühüm töhfələr verəcəkdir.