İki xanıma vəzifə verildi

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən iki xanıma yeni vəzifələr verilib. Müvafiq əmrlərlə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə Jalə Məmmədova, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinə isə Kəmalə Əliyeva tədris işləri üzrə direktor müavini təyin edilib.
Jalə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb və hal-hazırda ADA Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2022–2023-cü illərdə ADA Universitetinin “Bir müəllimin Manifesti” Peşəkar İnkişaf Proqramında iştirak edib. 2021-ci ildən etibarən Laçın rayon Vəliuşaqlı kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.
Eyni zamanda, Kəmalə Əliyeva Bakı Dövlət Universitetində “Riyaziyyat” ixtisası üzrə bakalavr, ADA Universitetində isə “Təlimin və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə magistraturasını başa vurub. O, 1995-2011-ci illərdə Salyan şəhər Y. Qafarov adına 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışmışdır. 2012–2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Sənaye və Texnologiya Kollecində fərqli vəzifələrdə fəaliyyət göstərib.
Hər iki müavin, peşəkar inkişafları çərçivəsində yerli və beynəlxalq təlim proqramlarında iştirak etmiş, həmçinin orta ixtisas təhsili sahəsində bir sıra tədqiqat işlərinin müəllifləridir. Bu təyinatların təhsilin keyfiyyətinin artırılmasına töhfə verəcəyi gözlənilir.