Ezonn Xəbər

Azərbaycan və İtaliya Afrikada birgə xammal müəssisələri yaradacaq

Azərbaycan və İtaliya Afrikada birgə xammal müəssisələri yaradacaq
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. İtaliya və Azərbaycan, Afrikada və dünyanın digər bölgələrində kritik vacib xammal sahəsində birgə müəssisələr yaradacaq. Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani, Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda açıqlama verib. Nazir, Romada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünü və iki ölkə arasında xammal materialları ilə bağlı ilk memorandumun imzalanmasını xatırladıb. A.Tayaninin sözlərinə görə, memorandumun icrasını təmin edəcək sənədin imzalanması isə mühüm əhəmiyyətə malikdir. Tayaninin izah etdiyi kimi, bu memorandum, Afrikada və digər bölgələrdə müştərək müəssisələrin yaradılmasını nəzərdə tutur. O, xammalın qiymətinin istehsal üçün ciddi yük yarada biləcəyini vurğulayıb: “Biz əməkdaşlıq çərçivəsində xammal xərclərini azaltmağa çalışırıq ki, bu da sənaye sistemlərimizin rəqabət qabiliyyətini yüksəltməyə yardım edəcək”. Nazir, Azərbaycanı İtaliyanın strateji tərəfdaşı adlandıraraq, son illərdə iki ölkənin əldə etdiyi nailiyyətləri qeyd edib. Onun fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya və İtaliya Prezidentinin Bakıya səfərləri tərəfdaşlığın möhkəmlənməsinə müsbət təsir edib. Eyni zamanda, Tayani qeyd edib ki, bu günkü biznes forum, əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldırmaq imkanını təqdim edir. O, hər iki ölkənin vətəndaşlarına daha çox fayda gətirmək məqsədilə iddialı hədəflər qoymağın vacibliyini vurğulayıb: “Beynəlxalq vəziyyətin mürəkkəbliyinə baxmayaraq, İtaliya Azərbaycanla iqtisadi və sənaye əməkdaşlığını inkişaf etdirmək niyyətindədir”.