Bakıda üç döyüş növü üzrə dünya çempionatı keçiriləcək

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda qrepplinq, pankration və həvəskar MMA üzrə dünya çempionatları keçiriləcək. Yarışlar 23–29 noyabr tarixlərində Dünya Güləş Birliyinin (UWW) himayəsi altında baş tutacaq. Bu çempionat, yeddi gün ərzində 35 ölkədən 900-dən çox idmançının qatılması ilə keçiriləcək.
Yarış proqramı çərçivəsində, 23–25 noyabr tarixlərində qrepplinq üzrə U15, U17, U20 yaş qruplarında və böyüklər arasında dünya çempionatı təşkil olunacaq. Noyabrın 26-dan 29-dək isə pankration üzrə U15 və U17 yaş qruplarında, habelə həvəskar MMA üzrə U20 yaş qrupunda və böyüklər arasında çempionatlar keçiriləcək.
Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov bildirib ki, bu ilki çempionatın yenilikləri arasında qaliblərə ilk dəfə çempionluq kəmərlərinin təqdim olunması var. Üç döyüş idman növünü bir araya gətirən bu yarış, Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsini daha da genişləndirmək məqsədini güdür.
Çempionatın baş tərəfdaşı “KVAN Group” şirkətidir. Federasiyanın vitse-prezidenti Çingiz Kişiyev, şirkətin idmanın inkişafına dəstək vermək istəyindən bəhs edərək, “İdman gənclərin xarakterinin formalaşmasında mühüm rol oynayır,” demişdir. O, qrepplinq idman növünün gələcəkdə Olimpiya Oyunlarının proqramına daxil ediləcəyini ümid edir.