Ezonn Xəbər

Son 48 saat: 13 ölkə susuzluq təhlükəsi ilə üz-üzədir

Son 48 saat: 13 ölkə susuzluq təhlükəsi ilə üz-üzədir
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Dünyanın müxtəlif bölgələrində su qıtlığı ciddi bir problem halına çevrilir. İqlim dəyişiklikləri, uzunmüddətli quraqlıq və yeraltı su ehtiyatlarının həddindən artıq istismarı milyonlarla insanın təmiz içməli suya çıxışını çətinləşdirib. Son statistikalara görə, bəzi ölkələrdə əhaliyə yalnız həftədə bir gün su verilir. Birləşmiş Ərəb Əmirliklərində isə su təchizatı sisteminin çökməsi halında mövcud ehtiyatlar yalnız 48 saatlıq tələbatı qarşılaya bilir. Su böhranı hazırda yalnız Afrika və Yaxın Şərqin quraq əraziləri ilə məhdudlaşmır. Avropanın turizm bölgələrindən ABŞ-ın iri şəhərlərinə qədər geniş coğrafiyada su ehtiyatlarının azalması narahatlıq doğurur. İspaniya, İtaliya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika, Meksika, İraq, İordaniya, Misir, Pakistan, Hindistan, İran və Yəmən su qıtlığının ciddi təsirlərini hiss edən ölkələrdəndir. İspaniyada 75 faizdən çox ərazi səhralaşma təhlükəsi ilə qarşı-qarşıyadır. Kataloniya və Əndəlüs bölgələrində baş verən quraqlıq su anbarlarını ciddi şəkildə təsir edib, bu səbəblə suya qənaət üçün avtomobillərin yuyulması, hovuzların doldurulması kimi fəaliyyətlərə məhdudiyyətlər tətbiq edilir. İtaliyada Po çayının səviyyəsinin aşağı düşməsi narahatlığa səbəb olub, çayda əvvəlki dövrlərdə görünən gəmi qalıqları və partlamamış bomba qalıqları üzə çıxıb. ABŞ-dakı Kolorado çayının su ehtiyatlarının azalması da ciddi təhlükə olaraq qiymətləndirilir, çünki bu çay 40 milyondan çox insana su təmin edir. Birləşmiş Ərəb Əmirliklərində su təminatı əsasən dəniz suyunun duzsuzlaşdırılması ilə həyata keçirilir. Meksiko şəhərində isə həm sel, həm də quraqlıq təhlükəsi mövcuddur, burada yeraltı su ehtiyatlarının həddindən artıq istifadəsi torpaq çökmələrinə səbəb olur. Yaxın Şərqdə İraq və İordaniya da su qıtlığından əziyyət çəkir. İraqda Dəclə və Fərat çaylarının su səviyyəsinin azalması kənd təsərrüfatına və yaşayış yerlərinə ciddi təsir göstərir. İordaniyada isə bir çox evə yalnız həftədə bir dəfə su verilir, sakinlər bu gün su anbarlarını dolduraraq növbəti günlərdəki ehtiyaclarını qarşılamağa çalışırlar. Gələcəkdə iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəsiz istifadə davam edərsə, daha çox ölkənin su qıtlığı ilə üzləşəcəyi gözlənilir.