Ezonn Xəbər

Iveco, Azərbaycanda elektrik avtobus istehsalını dəstəkləyir

Iveco, Azərbaycanda elektrik avtobus istehsalını dəstəkləyir
Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir. BAKI, Azərbaycan, 23 noyabr. Iveco Group, Azərbaycanda elektrik avtobuslarının yerli montajını dəstəkləməyi planlaşdırır. Bu barədə şirkətin Beynəlxalq Biznes Dəstəyi üzrə rəhbəri Andrea Ciommi İtaliya-Azərbaycan Biznes Forumunda çıxış edərkən məlumat verib. Ciommi, İtaliyanın avtomobil sənayesindəki lider ölkələrdən biri olduğunu qeyd edərək, Iveco-nun Azərbacanda yerli istehsalın inkişafına kömək etmək üçün texnologiya və bilik transferi ilə iştirak etdiyini vurğulayıb. Bu, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının müvəffəqiyyətli nümunələrindən biri kimi önə çıxır. O, Aztex Import ilə qurulan yaxın tərəfdaşlığın Azərbaycan logistika, şəhərsalma və nəqliyyat sektorlarının müasirləşməsinə xidmət etdiyini bildirib. "Biz ölkənin ehtiyacı olan, o cümlədən təcili yardım və tullantıların toplanması üçün ixtisaslaşmış vasitələr təqdim edirik. Eyni zamanda, elektrik avtobuslarının yerli montajını dəstəkləməyə hazırıq," deyə Ciommi əlavə edib. Andrea Ciommi, elektrikli hərəkətliliyin Azərbaycanın şəhər infrastrukturu və ictimai nəqliyyat sisteminin müasirləşməsi üçün xüsusilə vacib olduğunu vurğuladı. O həmçinin, Iveco-nun Azərbaycan hökumət orqanlarının ehtiyaclarını qarşılamaq üçün ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətində olduğunu bildirdi.