Bakıda avtobuslar üçün xüsusi işıqforlar quraşdırılacaq
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda ictimai nəqliyyatın daha səmərəli və təhlükəsiz şəkildə hərəkət etməsini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi avtobuslar üçün xüsusi işıqforların quraşdırılmasını planlaşdırır. Bu layihə paytaxtda ilk dəfə həyata keçiriləcək.
Nəqliyyat eksperti Aslan Əsədovun verdiyi məlumata görə, avtobuslar üçün xüsusi zolaqların yaradılması ilə yanaşı, əlavə layihələrin həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Xüsusi işıqforların quraşdırılması, vaxtın itirilməsini azaltmaqla yanaşı, yol təhlükəsizliyini də artıracaq.
A.Əsədov, avtobusların hərəkətini tənzimləmək üçün digər mexanizmlərin də zəruri olduğunu diqqətə çatdırıb. O, bildirib ki, yalnız xüsusi zolaq yaratmaq işin tamamı deyil. Xüsusi işıqforların quraşdırılması bu istiqamətdə atılacaq addımlardan biridir.
Ekspertin fikrincə, avtobusların hərəkətinə mane olan amillər araşdırılmalı və onların aradan qaldırılması üçün müvafiq həll yolları tapılmalıdır. Xüsusi işıqforların tətbiqi, digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmaq məqsədini daşımır. Əksinə, bu sistem avtobusların öz zolaqları üzrə hərəkətini daha dəqiq tənzimləyəcək.
Qeyd edək ki, Bakının Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində xüsusi işıqforun quraşdırılması planlaşdırılır. Bu işıqfor mövcud “L” formalı dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı ilə təqdim ediləcək.