“Obitus” Filminin Qala Gecəsi Park Cinema-da Keçirilib

Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir.
18 noyabr 2026-cı il tarixində Park Cinema Flame Towers kinoteatrında Azərbaycan istehsalı olan “Obitus” filminin gala gecəsi keçirilib. Gecədə filmin yaradıcı heyəti, aktyorlar, tanınmış simalar və kino həvəskarları iştirak ediblər. Hollivud filmlərini xatırladan atmosfer və gərgin süjetlə təqdim edilən ekran əsəri geniş müzakirələrə səbəb olub.
Təqdimat zamanı iştirakçılar yaradıcı heyətlə görüşərək xatirə şəkilləri çəkdiriblər. Filmin süjetində dağıdıcı seldən sonra naməlum parazitar infeksiyanın yayıldığı ucqar kənddə ata ilə qızın sağ qalma mübarizəsi ön plana çıxır.
Park Cinema-nın PR meneceri Anar Eyvazov gecə ərzində yerli kino istehsalının inkişafına və Azərbaycan filmlərinin geniş auditoriyaya çatdırılmasına vurğu edib. “Azərbaycan kinosunun inkişafını görmək bizi hər zaman sevindirir. 'Obitus' kimi iddialı layihələrin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması qürurvericidir,” – deyə Anar Eyvazov bildirib.
Film artıq Park Cinema kinoteatrlarında nümayiş olunur. Gecənin sonunda iştirakçılar filmi böyük ekranda izləyərək təəssüratlarını bölüşüblər. “Obitus” filminin tamaşaçılara təqdimatı, yerli istehsala dəstək vermə məqsədini güdür.