Şokolad qutularında 50 min dollar: Alt paltarında xərçəng dərmanları gətirdi

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyədən Bakıya dönən Şərur sakini, 1968-ci il təvəllüdlü R.Y., 50 min ABŞ dollarını şokolad qutularında və 4 flakon bahalı xərçəng dərmanını isə alt paltarında gizlədərək gömrük nəzarətindən keçirməyə çalışıb. Bu əməlinə görə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi açılıb.
İş materiallarına əsasən, R.Y. Türkiyədən gətirdiyi 50 min dolları 100 dollarlıq 500 ədəd əskinas şəklində beş bərabər hissəyə bölərək şokolad qutularına yerləşdirmişdir. O, xərçəng dərmanlarını isə salfetə bükərək alt paltarının müxtəlif hissələrinə yapışdırdı. Dərmanların ümumi dəyəri 4 350 manat qiymətində olan Opdivo (nivolumab) hazırlanmışdır.
R.Y., İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələrək gömrük nəzarətinin "Yaşıl kanal"ından keçməyə cəhd etsə də, risk analizi əsasında saxlanılmışdır. Yoxlama zamanı gizlədilmiş pul və dərmanlar aşkar olunub.
Məhkəmədə R.Y., 50 min dolları borcu olduğu bir şəxsdən aldığını, dərmanları isə tanımadığı birinə çatdırmalı olduğunu bildirib. O, bu əməlinin qanunsuz olduğunu bilsə də, gömrük əməkdaşlarının onların əlindən alacağından qorxaraq gizlədiyini etiraf edib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi onu 44 min 675 manat cəriməyə məhkum edib.
Müdafiə tərəfi bəraət tələb etsə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Məhkəmə, 50 min dolların R.Y.-yə məxsus olmadığını və pulun taleyi ilə bağlı yeni cinayət işinin açıldığını nəzərə alaraq, cərimə cəzasını qüvvədə saxlayıb, yalnız pulun taleyi ilə bağlı hissəni dəyişib.