Ezonn Xəbər

Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib

Dünya Bankının nümayəndə heyəti AKİA-da qiymətləndirmə missiyası keçirib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı tərəfindən birgə hazırlanan “Rəqabətqabiliyyətli, Dayanıqlı Kənd Təsərrüfatı və Suvarma Xidmətləri” (CRAİS) layihəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) maliyyə və institusional qiymətləndirmə missiyası gerçəkləşdirilib. Missiyada Dünya Bankının qiymətləndirmə prosesi üzrə əlaqələndiricisi Xose Rutman və maliyyə mütəxəssisi Patrik Doherti iştirak ediblər. Bu missiyanın məqsədi AKİA-nın maliyyə idarəetmə potensialını, mövcud əməliyyat mexanizmlərini və CRAİS layihəsi çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin icrasına hazırlıq səviyyəsini qiymətləndirməkdir. Dünya Bankının ekspertləri, AKİA rəhbərliyi ilə müzakirələr apararaq Agentliyin həyata keçirdiyi güzəştli kredit və maliyyə dəstəyi mexanizmləri, kənd təsərrüfatı subsidiyalarının idarə edilməsi və maliyyə sistemlərinin monitorinqi haqqında ətraflı məlumat toplayıblar. Eyni zamanda, Dünya Bankının nümayəndələri AKİA ilə əməkdaşlıq edən müvəkkil banklar və bank olmayan kredit təşkilatlarının (BOKT) nümayəndələri ilə də görüşüblər. Bu görüşlərdə aqrar sektorda maliyyə resurslarına çıxışın artırılması, güzəştli kreditləşmə mexanizmləri və dövlət maliyyə dəstəyi alətlərinin səmərəliliyi müzakirə edilib. Mərkəzi Bankda baş tutan görüşdə isə AKİA-nın kənd təsərrüfatı sektorunda maliyyə inklüzivliyinin genişləndirilməsindəki rolu, müvəkkil kredit təşkilatları ilə əməkdaşlıq mexanizmləri müzakirə olunub. Missiyanın yekununda, kənd təsərrüfatı nazirinin müavinləri Zaur Əliyev və İlhamə Qədimovanın iştirakı ilə qiymətləndirmənin ilkin nəticələri təqdim olunub. Nəticə olaraq, missiya Dünya Bankı ilə AKİA arasında əməkdaşlığı inkişaf etdirmək, aqrar sektorda maliyyə mexanizmlərini təkmilləşdirmək və beynəlxalq standartlara uyğun institusional idarəetmə potensialını gücləndirmək baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.