Avropada bomba təşvişi - Almaniyada 450-dən çox məktəb hədəfdir

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 23-də səhər saatlarında Almaniyanın Baden-Vürtemberq federal əyalətində 450-dən çox məktəbin elektron poçtuna bomba qoyulması ilə bağlı hədə-qorxu məktubları göndərilib. Yerli polis idarəsi bu barədə məlumat yayıb.
Polis, məktəblərin elektron poçt ünvanlarına daxil olan təhdid məktublarının real təhlükə yaradıb-yaratmadığını qiymətləndirmək üçün təhsil qurumları ilə əlaqəyə keçib. Hazırda məktubların göndərildiyi məktəblər üçün konkret təhlükənin mövcudluğuna dair hər hansı məlumat olmadığı bildirilib.
Hüquq-mühafizə orqanları hazırda məktubları göndərən şəxsin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır. Eyni zamanda, bu cür hədələr daha əvvəl İtaliya və Böyük Britaniyada da qeydə alınıb. İtaliyada təxminən 6 300, Şimali İrlandiyada isə 300-ə yaxın məktəb kütləvi şəkildə bomba hədələri almışdır.
Bu cür təhdidlər, məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olur. İndiki mərhələdə məktəblərin qorunması üçün hüquq-mühafizə orqanları hadisənin bütün aspektlərini diqqətlə izləyir.