Morgan Stanley ABŞ səhmlərini almağa çağırır – Bank bazarın yenidən yüksələcəyini gözləyir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin iri investisiya bankı “Morgan Stanley”, fond bazarında yaşanan son həftələrdəki ucuzlaşmanı, sərmayəçilər üçün səhmləri almaq üçün bir fürsət kimi görür. Bankın analitik qrupuna görə, satış dalğası sona yaxınlaşır və bu, korporativ mənfəət proqnozlarının bazarın yenidən yüksəlməsinə dəstək ola biləcəyini göstərir.
“Bloomberg” agentliyinin noyabrın 23-də yayımladığı hesabatda, Morgan Stanley-nin ABŞ səhmləri üzrə baş strateqi Maykl Uilsonun rəhbərlik etdiyi ekipin qısamüddətli bazar gözləntilərinin bu ilin aprelin əvvəlindən bəri ən yüksək səviyyəyə çatdığı bildirilir. Uilsonun komandası, səhmlərin ucuzlaşmasının investorlar üçün alış imkanları yaratdığını hesab edir.
S&P 500 indeksinin oktyabr ayında qeydə alınmış maksimum dəyərindən təxminən 12% gerilədiyi bildirilib. İndeks ardıcıl yeddi ticarət sessiyasında düşərək, 2020-ci ildən bəri ən uzun eniş seriyasını yaşayıb. Morgan Stanley bununla yanaşı, bazarın artıq mənfi iqtisadi və maliyyə xəbərlərinin bir çoxunu qiymətlərə daxil etdiyini bildirib.
Bankın analitiklərinə görə, şirkətlərin mənfəət proqnozları hələ də yüksəlir. S&P 500 indeksinin cari P/E göstəricisi 16,5-ə enib, bu da uzunmüddətli ortalama olan 17,4-dən aşağıdır. Morgan Stanley, hazırkı qiymətlərin 2027-ci il üçün mənfəətin 6% azalacağını əks etdirdiyini düşünür, lakin bankın öz proqnozuna görə, mənfəət 14% artacaq.
Analitiklər, sənaye fəaliyyətinin canlanması, istehlakçıların yüksək xərcləri və süni intellekt texnologiyalarının tətbiqi kimi amillərin korporativ mənfəəti dəstəkləyə biləcəyini qeyd edirlər. Ancaq Morgan Stanley, ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinin bazarın bərpası üçün risklər yaratdığını vurğulayır.