“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən “By Fateh Gənclik” restoranının fəaliyyəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb. Restoranda plandankənar nəzarət tədbiri zamanı bir sıra ciddi uyğunsuzluqlar aşkarlanıb.
Nəzarət zamanı müəssisənin qanunvericiliyə uyğun olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, eləcə də antisanitar şəraitdə fəaliyyət göstərdiyi müəyyən edilib. Mətbəxdə texnoloji ardıcıllığın pozulması, istehlaka təqdim olunan ətlərin müvafiq icazə sənədlərinin olmaması və işçilərin ilkin tibbi müayinədən keçirilməməsi kimi nöqsanlar müşahidə olunub.
Bundan əlavə, yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da aşkar edilib. Bu uyğunsuzluqlarla əlaqədar obyektin fəaliyyəti nöqsanlar aradan qaldırılana qədər dayandırılıb. Sahibkar barəsində inzibati protokol tərtib edilib və laborator müayinələr üçün ət məhsullarından nümunələr götürülüb.
Restoranın fəaliyyətinin məhdudlaşdırılması istehlakçıların sağlamlığının qorunması məqsədini güdür. AQTA, belə halların qarşısının alınması üçün mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirməkdədir.