Ezonn Xəbər

“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 118A ünvanında yerləşən “By Fateh Gənclik” restoranının fəaliyyəti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb. Plandankənar nəzarət tədbirləri zamanı bir sıra ciddi pozuntular aşkar edilib. Müfəttişlərin apardığı baxış zamanı rast gəlinən uyğunsuzluqlar arasında, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan qanunsuz fəaliyyət göstərməsi, antisanitar şərait və mətbəxdə texnoloji ardıcıllığa riayət olunmaması xüsusilə diqqət çəkib. Həmçinin, istehlaka təqdim olunan ətlərin müvafiq icazə sənədlərinin olmaması da qeyd edilib. Eyni zamanda, işçilərin ilkin və dövri tibbi müayinələrdən keçmədən çalışması da aşkar olunub. Nəzarət tədbirləri nəticəsində yararlılıq müddəti ötmüş alkoqolsuz içki və qida məhsulları da tapılıb. Bu nöqsanlarla bağlı restoranın fəaliyyətinin məhdudlaşdırılmasına qərar verilib. Sahibkar barəsində inzibati protokol tərtib olunub və laborator müayinələrin aparılması üçün ət məhsullarından nümunələr götürülüb. Nöqsanlar aradan qaldırılmadan restoranın fəaliyyətinə icazə verilməyəcək.