Baş nazir elektroenergetika komissiyasını yaradıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Nazirlər Kabineti elektroenergetika sahəsində bir sıra istiqamətlərin səmərəliliyinin araşdırılması məqsədilə yeni bir komissiya yaradıldığını elan edib. Bu qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Yeni yaradılan komissiyanın əsas məqsədi elektroenergetika sisteminin mövcud potensialını və infrastruktur imkanlarını dəyərləndirməkdir. Komissiya, enerji sistemində paralel iş rejiminin təşkili, elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin araşdırılması, eyni zamanda, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının effektivliyini qiymətləndirmək məqsədini güdür.
Komissiyanın tərkibinə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini daxil edilib. Onlara, beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə, iki ay ərzində geniş araşdırmalar aparmaq tapşırılıb.
Araşdırma, ölkənin enerji təhlükəsizliyi baxımından elektroenergetika sisteminin mövcud vəziyyətini təhlil edəcək. Bununla yanaşı, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının səmərəliliyi, eləcə də "Azərenerji" və "Azərişıq" ASC-lərinin maliyyə-təsərrüfat və idarəetmə mexanizmlərinin qiymətləndirilməsi də əhatə olunacaq. Komissiya, zərurət yarandıqda aidiyyəti dövlət orqanlarının mütəxəssislərini cəlb edərək nəticələrini Nazirlər Kabinetinə təqdim edəcək.