Ezonn Xəbər

AKİA sədri: "Subsidiyaların ödənilməsinə başlanıb"

AKİA sədri: "Subsidiyaların ödənilməsinə başlanıb"
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Yalçın Camalov, prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində subsidiyaların ödənilməsinə başlanıldığını qeyd edib. O, bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi “İmkanlar və İnam: Dövlət–biznes əməkdaşlığı” forumunda bildirib. Yalçın Camalov, bu məqsədlə dövlət büdcəsindən kənd təsərrüfatı texnikası və avadanlıqlarının güzəştlə maliyyələşdirilməsi üçün 40 milyon manat, damazlıq cins heyvandarlığın inkişafı üçün isə 14 milyon manat ayrıldığını bildirib. Hazırda bu istiqamətlər üzrə maliyyələşmə prosesi davam etdirilir. Sədr, subsidiyalaşdırmadan tədricən investisiyayönümlü dəstəyə keçid etdiklərini vurğulayıb. O, dövlət dəstəyinin investisiyanın məqsədi olmadığını, bunun yalnız həyata keçirilməsini asanlaşdıran vasitə olduğunu bildirib. Yalçın Camalov, fermerlərin investisiya qərarlarının arxasında biznesin iqtisadi məntiqinin dayanmalı olduğunu qeyd edib. Qeyd edək ki, cari ildə AKİA tərəfindən 350 min fermerə 254 milyon manat əkin subsidiyası ödənilib. Bunun 14 milyon manatı yeni intensiv bağlara görə verilib. Subsidiyaların ödənilməsi prinsipləri arasında məhsuldarlıq, ünvanlılıq və nəticəyönümlülük əsas götürülür.