“Barselona” PSJ-nin ulduzunu transfer etmək istəyir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İspaniyanın “Barselona” klubu, Paris Saint-Germain (PSJ) və Portuqaliya millisinin müdafiəçisi Nunu Mendeşi transfer etməyə çalışır. Bu barədə İspaniyanın “El Nacional” nəşri məlumat yayıb. Kataloniya klubunun prezidenti Joan Laporta və idman direktoru Deku, 24 yaşlı futbolçunu müdafiənin sol cinahını gücləndirmək üçün ən uyğun namizəd hesab edirlər.
Məlumata görə, “Barselona” rəhbərliyi, Mendeşi PSJ ilə yeni müqavilə imzalamadan əvvəl İspaniyaya keçməyə razı salmaq məqsədini güdür. Lakin PSJ-nin baş məşqçisi Luis Enrike, portuqaliyalı futbolçunun komandadan ayrılmasına qətiyyətlə qarşıdır. O, klub prezidenti Nasser Əl-Xəlaifidən Mendeşin komandada saxlanılması üçün təcili tədbirlər görməsini tələb edib.
Hesablamalara görə, Paris klubu Mendeşə illik 20 milyon avro maaşla yeni bir müqavilə təklif etməyə hazırlaşır. Bu halda futbolçu, komandadakı ən yüksək maaş alan oyunçulardan biri olacaq. Mendeşin xidmətlərinə yalnız “Barselona” deyil, həm də “Bavariya”, “Liverpul”, “Çelsi” və “Arsenal” klubları maraq göstərir.
“Canal+ Foot”un verdiyi məlumata əsasən, PSJ, Nuno Mendeş, Vitinya, Əşrəf Hakimi və Uorren Zair-Emeri ilə müqavilələrin 2032-ci ilədək uzadılması üçün danışıqlara başlayıb. Xatırladaq ki, Mendeş 2021-ci ildə “Sportinq”dən icarə ilə PSJ-yə qatılıb, 2022-ci ildə isə onun transfer hüquqları alınmışdır. Futbolçu 2025-ci ilin fevralında müqaviləsini 2029-cu ilədək uzatmışdır.