Ezonn Xəbər

Bu qidalar yüksək təzyiq riskini azalda bilər

Bu qidalar yüksək təzyiq riskini azalda bilər
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə aparılan genişmiqyaslı tədqiqatlar, lobya, mərcimək, noxud və tofu kimi paxlalı bitkilərin hipertoniya riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoyub. "BMJ Nutrition Prevention & Health" jurnalında dərc olunan araşdırmaya əsasən, bu məhsulları daha çox istehlak edən insanlarda yüksək qan təzyiqi daha az müşahidə olunur. Araşdırmada ABŞ, Avropa və Asiyada həyata keçirilən 12 uzunmüddətli tədqiqatın nəticələri təhlil edilib. İştirakçı sayı 1 152-dən 88 475-ə qədər dəyişir. Alimlərin apardığı analizlər göstərir ki, paxlalı bitkiləri gündəlik istehlak edən insanların hipertoniya riski, bu məhsulları az yeyənlərlə müqayisədə 16 faiz aşağıdır. Soya məhsullarını daha çox istehlak edənlərdə isə bu göstərici 19 faiz təşkil edib. Tədqiqat nəticələrinə görə, paxlalı bitkilərin optimal gündəlik istehlak miqdarı 170 qram, soya məhsulları üçün isə 60-80 qramdır. Belə bir miqdarda istehlak, hipertoniya riskini müvafiq olaraq 30 faiz və 28-29 faiz azaldır. Alimlər, bu məhsulların faydasını tərkibindəki kalium, maqnezium və liflə izah edirlər. Bu maddələr normal qan təzyiqinin qorunmasına kömək edən önəmli komponentlərdir. Eyni zamanda, lif bağırsaqların fəaliyyətini yaxşılaşdıraraq damarların rahatlamasına şərait yaradır. Bununla yanaşı, araşdırmanın müəyyən məhdudiyyətləri olduğunu da qeyd ediblər. Müxtəlif tədqiqatlarda paxlalı bitkilərin növləri, hazırlanma üsulları və iştirakçıların qidalanma vərdişləri fərqlənir. Alimlər, gündə 65-100 qram paxlalı bitki istehlakını ürək-damar sağlamlığı üçün tövsiyə edirlər.