Türkiyədə leysan fəlakəti — Xəstəxana su altında qaldı, yol çökdü - Video

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Türkiyənin Balıkesir vilayətində axşam saatlarında başlayan güclü yağışlar ərazidə ciddi sel fəlakətinə səbəb olub. Şəhər mərkəzi, Eləcə də Edremit və Havran rayonlarında küçələrdə, yollarda və yeraltı keçidlərdə su yığılıb, bu da vətəndaşların gündəlik həyatını çətinləşdirib.
Məlumata görə, Altıeylül rayonundakı özəl xəstəxananın təcili yardım girişini su basıb. Balıkesir Su və Kanalizasiya İdarəsinin (BASKİ) briqadaları dərhal əraziyə cəlb olunaraq suyu çəkib, drenajları açıb. Şükürlər olsun ki, xəstəxana avadanlıqlarına ziyan dəyməyib.
Edremit rayonunda isə bəzi kənd məhəllələrində birinci mərtəbədəki evlər və obyektlər su altında qalıb. Bələdiyyə qrupları çay yataqlarında qabaqlayıcı işlər apararaq vəziyyətin daha da pisləşməsinin qarşısını almağa çalışıb.
Havran rayonunda magistral yolda torpaq tökülməsi nəticəsində nəqliyyatın hərəkəti ləngiyib. Hamambaşı məhəlləsində isə Havran çayının istinad divarının qarşısındakı asfalt örtüyü çökərək, park halında olan 3 yük maşını və 1 mikroavtobus çökəkliyə düşüb. Əraziyə cəlb edilən qruplar kran vasitəsilə nəqliyyat vasitələrinin çıxarılmasına başlayıb.