Yeni əsginaslar saxta pullara qarışdırılıb - VİDEO
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Son günlər sosial şəbəkələrdə dövriyyəyə buraxılan yeni dizaynlı, xüsusilə 100 manatlıq əskinasların saxta olması ilə bağlı xəbərlər yayılıb. Məsələ ilə bağlı Mərkəzi Bankın mütəxəssisi Qəhrəman Paşayev “Xəzər Xəbər”ə açıqlama verib.
Paşayev qeyd edib ki, yeni əsginasların əvvəlki nümunələrdən fərqi və mühafizə elementlərinin vətəndaşlar tərəfindən kifayət qədər tanınmaması bu cür şübhələrə gətirib çıxarır. Mütəxəssis, faktiki pul nişanlarının su nişanı, mühafizə çapı və qabarıq çap kimi bir sıra təhlükəsizlik elementlərinə malik olduğunu vurğulayıb. Bu elementlərin müəyyən edilməsi üçün vətəndaşların onları adi gözlə görməsi və ya toxunması kifayət edir.
Eyni zamanda, mütəxəssis yeni əsginasların ödəniş terminalları və bankomatlar tərəfindən qəbul edilməməsi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, nağd pul avadanlıqlarında əskinasların qəbuluna dair əsas meyar buraxılış tarixi deyil, fiziki vəziyyətidir. Zədələnmiş, rəngini itirmiş və ya üzərində nəzərəçarpan yazı və ləkələr olan əskinaslar avadanlıqlar tərəfindən qəbul olunmaya bilər.
Paşayev, tədavülə buraxılmış pul nişanlarının ölkədə bütün növ ödənişlərdə nominal dəyəri ilə qəbul edilməli olduğunu qeyd edərək, əskinasların yeni dizaynına görə qəbul edilməsindən imtina olunmasının qanunvericiliyə zidd olduğunu vurğulayıb.