Ezonn Xəbər

Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama

Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı - Rəsmi açıqlama
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Hacıqabul rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı rəsmi orqanlardan açıqlama verilib. Bəzi media orqanlarında Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək öldüyü iddia olunub. Bu məlumatın həqiqəti əks etdirmədiyi vurğulanıb. Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi, hadisənin təqdimatının ictimaiyyət arasında yanlış təsəvvür yaratdığını bildirərək, qeyd edib ki, Hacıqabulda kanalizasiya şəbəkəsi mövcud deyil. Belə olan halda, açıq qalmış kanalizasiya quyusunun olması faktiki vəziyyətlə ziddiyyət təşkil edir. Aparılmış ilkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxının bir hissəsində baş verib. Bu arxların dərinliyi isə adətən, 15-20 santimetrdir və kanalizasiya infrastrukturu ilə bağlı deyil. Araşdırmalar göstərir ki, mərhumun səhhətindəki problemlərin hadisə ilə əlaqəli olma ehtimalı mövcuddur. Lakin ölümün konkret səbəbi yalnız tibbi ekspertiza nəticəsində müəyyən ediləcək. Rəsmi açıqlamada, baş vermiş hadisənin səhv təqdimatına qarşı media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə məlumatları dəqiqləşdirmədən yaymamağı tövsiyə edib.