Ezonn Xəbər

İlahiyyat İnstitutunda təhsil alan qız tələbələrin sayı açıqlandı

İlahiyyat İnstitutunda təhsil alan qız tələbələrin sayı açıqlandı
Ezonn TV «Sfera.az» mənbəsinə istinadən xəbər verir. Hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır, həmin tələbələrin 98-i qızdır. Bu məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Bakıda keçirilən “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransda açıqlayıb. Məmmədov, qadınların dini maarifləndirmə prosesində iştirakının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, dini biliklərin düzgün mənimsənilməsi, dini mətnlərin elmi kontekstdə şərhi və xurafatla sağlam dini düşüncənin fərqləndirilməsi məsələlərində qadınların fəal iştirakının əhəmiyyətini qeyd edib. Bu prosesin ailədə uşaqların dünyagörüşünün formalaşmasına böyük təsir göstərdiyini bildirib. Dövlət Komitəsinin sədri, Azərbaycan İlahiyyat İnstitutundan hazırda 126 bakalavr, 13 magistr, 5 doktorant və 1 dissertant olmaqla, ümumilikdə 145 qadın məzun olduğunu da bildirib. Eyni zamanda, Bakı İlahiyyat Kollecində hazırda 19 qız tələbənin təhsil aldığını, bu günədək 4 qızın məzun olduğunu qeyd edib. Məmmədov, erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıqla mübarizə istiqamətində həyata keçirilən təşəbbüsləri də önə çəkib. O, sosial inteqrasiyanı gücləndirmək məqsədilə "Xurşidbanu Natəvan" təqaüdünün təsis edildiyini bildirib. Son olaraq, Ramin Məmmədov, qadınların milli-mənəvi dəyərlərin yaşadılmasında və sağlam ictimai düşüncənin formalaşmasında vacib rola sahib olduğunu vurğulayıb. Qadınların maarifləndirilməsinin gələcək nəsillər üçün əhəmiyyətinə toxunub.