EBRD Cənubi Qafqazda gənc sahibkarlara təxminən 250 milyon avro vəsait ayıracaq

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2032-ci ilədək Cənubi Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda, “Biznesdə gənclər” (YiB) proqramı çərçivəsində təxminən 250 milyon avro maliyyə yardımını həyata keçirməyi planlaşdırır.
Bu barədə Banker.az-a EBRD-in gender bərabərliyi və iqtisadi inklüzivlik üzrə direktoru Sonya Cordan-Kirvan məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsait, Azərbaycan, Ermənistan və Gürcüstanda fəaliyyət göstərən 15 tərəfdaş banka yönləndiriləcək.
Cordan-Kirvan, proqramın əsas diqqətini paytaxt regionlarının kənarında, iqtisadi cəhətdən daha az inkişaf etmiş zonalarda yerləşən mikro, kiçik və orta müəssisələrin dəstəklənməsi üzərində cəmləşdirdiklərini vurğulayıb. Bunun yanında, EBRD, Azərbaycanda insan kapitalının gücləndirilməsi, qadınların iqtisadiyyatın yüksək gəlirli sektorlarına cəlb olunması və Abşeron yarımadasından kənarda gənclər üçün yeni iş yerlərinin yaradılması ilə bağlı bir sıra təşəbbüslər həyata keçirir.
EBRD-in strateji yanaşması, regionlarda kiçik biznesə maliyyə dəstəyinin, investisiya layihələri ilə inteqrasiya olunmuş məsləhət proqramları və təlim tədbirləri ilə uzlaşdırılmasına əsaslanır. Beləliklə, bu proqram gənc sahibkarların iş və iqtisadi imkanlarını artırmağı hədəfləyir.