“Sumqayıt Tekstil”in 454 min manatlıq avadanlığı hərraca çıxarılır

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
“Sumqayıt Tekstil” MMC, 24 dekabr 2023-cü il tarixində müvafiq avadanlıqları hərraca təqdim edəcək. Hərracda iştirak etmək üçün 269 avadanlıq beş ayrı lotda satışa çıxarılır. Avadanlıqların ümumi başlanğıc qiyməti 454,038,57 manatdır.
Sözügedən avadanlıqlar arasında ən dəyərli lot 89 ədəd tikiş avadanlığındır. Bu lotun başlanğıc qiyməti 314 910,86 manatdır ki, bu da ümumi dəyərin 69 faizini təşkil edir. Hərracın digər lotlarında isə ikinci lotda 10 ədəd cütləmə və burucu avadanlıq 30 654,23 manatdan, üçüncü lotda 51 ədəd toxucu avadanlığı 86 459,40 manatdan, dördüncü lotda 118 ədəd tikiş avadanlığının isə 20 584,08 manat qiyməti müəyyən edilib. Beşinci lota daxil olan bir buxar aparatının qiyməti isə 1 430 manatdır.
Hərrac, 24 dekabr 2023-cü il tarixində saat 10:00-da Bakının Nizami rayonundakı Əmlak Xidmətləri Məkanında keçiriləcək. İştirakçıların seçdikləri lotun başlanğıc qiymətinin 10 faizi məbləğində beh ödənişi etmələri və ödənişi təsdiq edən sənədlərlə birlikdə iştirak üçün lazım olan sənədləri ən geci üç bank günü əvvəl təqdim etmələri tələb olunur.
Fiziki şəxslər üçün tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxslər üçün isə təsis sənədlərinin təsdiqlənmiş surətləri var. Nümayəndələr əlavə olaraq etibarnamə təqdim etməlidirlər. Hərracdan əvvəl iştirakçılar satışa çıxarılan avadanlıqlara baxa biləcəklər.