Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı Bayramı” keçirilib - FOTO

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Bu il Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı Bayramı” adlı konsert proqramı keçirilib. Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə keçirilən “Kəlağayı Bayramı” milli və mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycan kəlağayısının təbliği məqsədini güdür.
Tədbir çərçivəsində foyedə qədim və müasir kəlağayı nümunələri ilə yanaşı, kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi təşkil edilib. Bu sərgi iştirakçılara kəlağayının tarixi və mədəni əhəmiyyətini daha yaxından tanımağa imkan verib.
Tədbirdə Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri və Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı, habelə digər qonaqlar da çıxış ediblər. Konsert proqramı çərçivəsində müğənnilər və aşıqların ifaları səslənib, kəlağayı mövzusunda videoçarx nümayiş olunub.
Xüsusi olaraq, Bakı İstanbul Liseyinin şagirdləri xoreoqraf Amil Əhmədovun rəhbərliyi altında cəngi rəqsi ifa ediblər. Tədbir Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.