Ezonn Xəbər

Ərdoğan: “Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur"

Ərdoğan: “Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur"
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 24-25 noyabr tarixlərində İğdır şəhərində keçirilən “Beynəlxalq Qafqaz Konqresi”nə göndərdiyi müraciətdə vurğulayıb ki, Türkiyə və Azərbaycan Qafqazda sülhün və rifahın təmin edilməsi üçün birgə fəaliyyətlərini davam etdirəcəklər. Ərdoğan, Qafqazın tarixinin Türkiyənin də tarixi olduğunu qeyd edərək, iki ölkənin birgə yaşadığı coğrafyada tarixin gətirdiyi sevinc və acıları bölüşdüklərini bildirib. Onun sözlərinə görə, ortaq tarixin verdiyi güclə, gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları bir region miras qoyma məsuliyyətini daşıyırlar. Prezident, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarının Şuşa Bəyannaməsi vasitəsilə müttəfiqlik səviyyəsinə yüksəldiklərini xatırladıb. O, “Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur” deyib. Ərdoğan, Zəngəzur keçidinin açılmasının nəqliyyat infrastrukturunu gücləndirəcəyini və Türkiyə ilə Türk dünyası arasında yeni imkanlar yaradacağını vurğulayıb. O, İpək Yolu marşrutlarında ticarətin canlanmasının və əməkdaşlığın genişlənməsinin region üçün fayda gətirəcəyini ifadə edib. Türkiyə Prezidentinin Qafqaza dair vizyonuna görə, bu region sülhün daimi xarakter aldığı, qonşuların mübadilə etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir yer olmalıdır. Ərdoğan, konqres iştirakçılarının müzakirələrinin bu ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə inandığını bildirib.