Zəngəzur dəhlizi Türk dünyası üçün yeni imkanlar yaradacaq

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Beynəlxalq Qafqaz Konqresi"nə müraciətində Zəngəzur dəhlizinin strateji əhəmiyyətini önə çəkib. Prezidentin sözlərinə görə, bu dəhliz, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturunu gücləndirəcək və Türk dünyası arasında yeni imkanlar yaradacaq.
Ərdoğan, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevlə strateji əməkdaşlığın önəmini vurğulayaraq, "Bir millət, iki dövlət" şüarının Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırıldığını qeyd edib. Onun fikrincə, Şuşa, Füzuli və Laçın bölgələrində dalğalanan Azərbaycan bayrağı Türkiyənin qürurudur.
Türkiyə lideri, Zəngəzur dəhlizinin açılmasının yalnız nəqliyyat əlaqələrini gücləndirməkdən ibarət olmadığını, həm də regional sülh və rifah üçün yeni üfüqlər açacağını da vurğuladı. O, bu dəhlizin Qafqaz regionunda qonşular arasında ticarətin inkişafına və hər bir ölkənin ümumi rifahdan faydalanmasına şərait yaradacağını bildirdi.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan, Qafqazın sülh və təhlükəsizlik mühiti olması üçün qarşılıqlı əməkdaşlığın vacibliyini ön plana çəkərək, Türk dünyasının birliyini daha da möhkəmləndirəcəyini vurğulayıb.