"Sabah"la Barselona oyununa görə metronun iş rejimi uzadılır

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
"Sabah" Futbol Klubunun UEFA Çempionlar Liqasında "Barselona" (İspaniya) ilə keçirəcəyi oyunla əlaqədar olaraq, noyabrın 25-də Bakı metropoliteninin Qırmızı xəttində (M1) iş rejimi dəyişdiriləcək. Bu barədə "APA - Economics" xəbər verir.
Bakı Metropoliteni QSC-nin məlumatına əsasən, "Sabah" Futbol Klubunun müraciəti və Bakı Olimpiya Stadionunda baş tutacaq matçın azarkeş marağı nəzərə alınaraq, Qırmızı xəttin iş vaxtı 1 saat uzadılacaq. Noyabrın 25-dən 26-na keçən gecə stansiyaların bütün girişləri saat 01:00-a qədər açıq olacaq.
Azarkeşlərin rahatlığı üçün stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilərək, nəzarət tədbirləri gücləndiriləcək. Oyundan sonra qatarların hərəkət cədvəli "Koroğlu" stansiyasındakı tələbat və sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərin iş rejimi olduğu kimi saxlanılacaq.
Ümumilikdə, noyabrın 25-də qatarların hərəkəti payız-qış cədvəlinə uyğun təşkil ediləcək. İstənilən gecikmələrin və gözlənilməz halların qarşısını almaq üçün bütün lazımi tədbirlər görüləcək.