“Yoxlasan, babası lütün biri olub”

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Bu gün Milli Məclisin plenar iclasında "Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirə edilib. İclasda Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Prezidentin korrupsiyaya qarşı apardığı mübarizənin nəticələrini dəyərləndirib. O, bir sıra məmurların məsuliyyətə cəlb olunmasını və qeyri-qanuni yolla əldə etdikləri vəsaitləri ailə üzvləri və qohumları adına yazdırmalarını qeyd edib.
Novruzov bildirib ki, bu cür hallar cəmiyyətdə ikrah hissi doğurur. "Bir çox məmurlar göstərir ki, onların babasından ona vəsaitlər qalıb, amma əslində yoxlama aparılarsa, məlum olur ki, babası lütün biri olub. Bəyannamə bu pozuntuları aşkar edəcək", - deyə komitə sədri vurğulayıb.
Siyavuş Novruzov, həmçinin qanun layihəsinin ədalətsiz sahibkarlığın qarşısını alacağını vurğulayıb. O, qeyd edib ki, ədalətsiz sahibkarlıqla məşğul olan şəxslər kiçik və orta sahibkarlığın fəaliyyətini ciddi şəkildə zədələyir. "Bu gün kiçik sahibkarlar banklardan yüksək faizlə kredit götürməyə məcburdur, lakin kölgə iqtisadiyyatı vasitəsilə ədalətsiz rəqabət ilə üzləşirlər", - əlavə edib.
Komitə sədri, məmurların rüşvət təklif edənlər tərəfindən də hədəf alındığını diqqətə çatdırıb. "Məmura rüşvət təklif olunmasa, rüşvet almaq imkanları olmaz. Bu məsələdə hər iki tərəfi qınamaq lazımdır", - deyə Novruzov qeyd edib.