Rusiya xarici filmlər üçün kvota tətbiq edir

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya Dövlət Dumasında xarici filmlərə kvota tətbiqi ilə bağlı yeni qanun layihəsi hazırlanmaqdadır. TASS informasiya agentliyinin verdiyi xəbərə görə, bu dəyişikliklər “Kinematoqrafiyaya dövlət dəstəyi haqqında” qanuna ediləcək.
Qanun layihəsinə əsasən, kinoteatrlar il ərzində müəyyən günlərdə xarici filmləri nümayiş etdirə bilməyəcək. Bununla da məqsəd yerli istehsalın təşviqidir. Dəyişikliklərin bir variantı kinoteatrların ümumi film nümayişi vaxtının bir hissəsinin yerli filmlərə ayrılmasını əhatə edir.
Kvota, rüb ərzindəki günlərin yarısından çox olmamaq şərti ilə, təxminən 45 gün müddətində qüvvədə olacaq. Həmçinin kvotanın tətbiq olunacağı dövrdə xarici filmlərin nümayişi üçün daha əvvəl bağlanmış müqavilələrin şərtləri etibarsız hesab ediləcək. Bu yeniliklərin işə salınması üçün, kvotanı tətbiq etmədən ən azı 90 gün əvvəl Rusiya kinematoqrafiya təşkilatları ilə razılaşdırılması tələb olunur.
Bu qanun layihəsinin konkret olaraq kim tərəfindən hazırlandığı isə hələlik açıqlanmır. Rusiya hökuməti bu təşəbbüs ilə kinematoqrafiyada milli istehsalı gücləndirməyi planlaşdırır.