Ezonn Xəbər

Məktəblilər arasında “Böyük tənəffüs” idman yarışı başlayıb

Məktəblilər arasında “Böyük tənəffüs” idman yarışı başlayıb
Ezonn TV «Azərbaycan müəllimi» mənbəsinə istinadən xəbər verir. Noyabrın 23-də Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, İdman TV və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə əməkdaşlığı ilə məktəblilər arasında "Böyük tənəffüs" idman yarışı televiziyaya təqdim edilib. Layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində şagirdlərin fiziki aktivliyini artırmaq və idmana olan marağı gücləndirməkdir. Bu layihənin həyata keçirilməsi, həmçinin bədən tərbiyəsi və idmanın kütləviliyini təşviq etmək, məktəb idmanını geniş auditoriyaya tanıtmaq və şagirdlər arasında sağlam həyat tərzinin təbliğinə yönəldilir. Layihə həmçinin şagirdlərin psixoloji inkişafına dəstək olmaq məqsədini güdür. Yarışlar 2026-2027-ci tədris ili ərzində, fiziki tərbiyə fənninin kurikulum tələbləri nəzərə alınaraq təşkil olunacaq. Üç mərhələdən ibarət olan yarışın ilkin mərhələsi rayondaxili, ikinci mərhələsi qrup təsnifatı və üçüncü mərhələsi isə yarımfinal və final mərhələlərini əhatə edir. Layihədə Bakı şəhəri üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində olan 362 ümumi təhsil müəssisəsinin komandaları iştirak edəcək. Hər məktəb, VI, VII və VIII siniflərdən 2 oğlan və 2 qız olmaqla, 12 nəfərlik komanda ilə təmsil olunacaq. Yarışların televiziya buraxılışları İdman TV kanalında yayımlanacaq. Qeyd edək ki, "Böyük tənəffüs" layihəsi ilkin olaraq 2025-2026-cı tədris ilində 27 ümumi təhsil müəssisəsinin iştirakıyla həyata keçirilib. Cari il isə layihə daha geniş miqyasda təşkil olunaraq 362 məktəb və 4000-dən artıq şagirdi əhatə edir.