AIESEC “Gənclər danışır” Forumu keçiriləcək

Ezonn TV «Azərbaycan müəllimi» mənbəsinə istinadən xəbər verir.
AIESEC Azərbaycan 6 dekabr 2026-cı il tarixində 13-cü “Gənclər danışır” Forumunu (Youth Speak Forum) keçirəcək. Forumun başlıq mövzusu “Növbəti dayanacaq: Gələcək” (Next Stop: Future) olaraq müəyyən edilib. “Bu günün ötəsində təhsil” (Education Beyond Today) şüarı ilə keçiriləcək tədbirdə gənclərin və müxtəlif sahələrin peşəkar spikerlərinin müzakirələri yer alacaq.
Forumda müasir təhsilin dəyişən dinamikası, beynəlxalq imkanlar, xaricdə təhsil, gələcəyin əmək bazarı, karyera perspektivləri və şəxsi inkişaf kimi vacib mövzulara diqqət yetiriləcək. Bu tədbir, gənclərə yeni perspektivlər qazandırmağı və onları mövcud imkanlarla tanış etməyi hədəfləyir.
Tədbir çərçivəsində panel müzakirələri, interaktiv sessiyalar və praktiki fəaliyyətlər təşkil olunacaq. İştirakçılar, aktual mövzular ətrafında fikir mübadiləsi aparmaq, real təcrübələrdən faydalanmaq və yeni əlaqələr qurmaq imkanı qazanacaqlar. Həmçinin, şəxsi inkişafları üçün faydalı biliklər əldə edəcəklər.
AIESEC təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini dəstəkləməklə yanaşı, gənclərin əmək bazarına hazırlanmasını və müxtəlif sektorlar arasında əməkdaşlığın gücləndirilməsini təşviq edir.
Qeyd edək ki, AIESEC 1948-ci ildən dünya üzrə fəaliyyət göstərir, Azərbaycanda isə 2007-ci ildən fəaliyyətini davam etdirir. Təşkilat, gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək və cəmiyyətdə müsbət dəyişikliklərə dəstək olmaq məqsədini güdür. Qeydiyyat üçün link: https://bit.ly/13thYSF