Ezonn Xəbər

Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib

Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. “Baku Steel Company” QSC (BSC) Bakıda keçirilən Azərbaycan–İtaliya Biznes Forumunda aktiv iştirak edib. Forumda başlıca olaraq iki ölkə arasında metallurgiya, energetika və infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Tədbirin işgüzar proqramına plenar iclas, tematik sessiyalar və biznes dairələrinin nümayəndələri arasında görüşlər daxildir. BSC-nin Baş direktorunun müavini Sultan Əskərov, qabaqcıl istehsal texnologiyaları və sənayenin rəqəmsal transformasiyasına həsr olunmuş panel sessiyasında çıxış edərək, şirkətində avtomatlaşdırma, süni intellekt və rəqəmsal həllərin istehsal səmərəliliyinin artırılmasında necə tətbiq olunduğuna dair məlumat verib. Tədbir çərçivəsində BSC, İtaliyanın “Dismas Trading S.r.l.” və “Edgar H. Greenham & Co. S.r.l.” şirkətləri ilə niyyət sazişi imzalayıb. Bu sənəd BSC-nin tikişsiz polad borularının İtaliya bazarında təşviqi və satışının genişləndirilməsi üzrə əməkdaşlığı nəzərdə tutur. Razılaşmanı BSC-nin adından Baş direktor Kamal İbrahimov, italiyalı tərəfdaşların adından isə İtaliya–Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi imzalayıb. Baku Steel Company Cənubi Qafqazın ən iri metallurgiya müəssisəsi olaraq tikinti, infrastruktur layihələri və sənaye üçün polad məhsulları istehsal edir. Şirkətin tikişsiz polad boruları Sumqayıtda yerləşən “Azərboru” istehsalat sahəsində istehsal olunur.